ATİAHİ Goranboy rayon komitəsi, rayon gənclər və idman sektoru və Gənclər Evinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət komandalar arasında "Çağırış Kuboku" adlı “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışmasının rayon birinciliyinin final mərhələsi keçirilib.
Zəfər Gününə həsr edilmiş tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Çıxış edənlər bizi Qələbəyə qovuşduran Ulu Öndərin siyasi strategiyasından, həmin siyasi kursu uğurla davam etdirən, Qələbəmizin memarı cənab İlham Əliyevin sərkərdəlik məharətindən və diplomatik səriştəsindən, Ordumuzun şərəfli döyüş yolundan və parlaq Zəfərindən danışıblar.
Çıxışların ardından yarış start götürüb. Goranboy Olimpiya İdman Kompleksində təşkil edilən final mərhələsində 16 komanda olmaqla 80 nəfər məktəbli iştirak edib. Bu mərhələdə komandaların cavablandırması üçün iki mərhələli şəkildə 24 sual təqdim edilib və birinci mərhələ bitdikdən sonra komandalar üçün çay və şirniyyat süfrəsi təşkil olunub.
Gərgin mübarizə şəraitində keçən final mərhələsinin yekununa görə, Yeniyol kənd tam orta məktəbin "Gladiator" komandası 1-ci, Borsunlu kənd 1 nömrəli tam orta məktəbin "Xarı bülbül-1" komandası 2-ci, Tapqaraqoyunlu kənd tam orta məktəbin "Birlik" komandası isə 3-cü yeri qazanıb.
Goranboy rayon komitəsi qalib komandaları kubok, diplom və medallarla mükafatlandırıb.