ATİAHİ Goranboy rayon komitəsinin təşkilatçılığı ilə rayonun Quşçular kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "Əsrin möcüzəsi” adlı bayram tədbiri keçirilib.
Tədbirdə ATİAHİ Goranboy rayon komitəsinin, rayon Təhsil sektorunun əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Məktəbin direktoru Ceyhun Cahangirov iştirakçıları Heydər Əliyevin Goranboy rayonuna tarixi səfərlərini əks etdirən fotostend və şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış igid oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edənlər Ulu Öndərin Azərbaycana müdrik rəhbərliyindən, onun dövründə sovet Azərbaycanının inkişaf göstəricilərindən, liderlik xüsusiyyətlərindən, dövlət quruculuğu siyasətindən, xilaskar missiyasından danışıblar.
Çıxışların ardından şagirdlərin ifasında səhnəciklər, rəqslər nümayiş etdirilib, şeirlər səslənib.